Qadınlar üçün nəzərdə tutulan - 7 OTEL
Bəzən rəfiqələrinlə yığışıb əks cinsin nümayəndələrindən uzaqda dincəlmək, söhbət etmək və əsl istirahətdən həzz almaq istəyirsən. Bunun üçün sizə qadınlar üçün nəzərdə tutulan dünyanın ən yaxşı 7 otelini təqdim edirik.
"Artemisia Berlin Frauenhotel", Almaniya
İncəsənəti sevən qadınların bu otelə mütləq baş çəkmələrini tövsiyə edirik. Otel rəssam, Florensiya Akademiyasında çalışan yeganə akademik qadın Artemiziya Centileskinin adını daşıyır. Bütün otaqlar sakit tonlarda dizayn edildiyindən bir anlıq özünü səs-küylü şəhər mühitində deyil, kənddə, göl qırağında hiss edirsən. Otelin terrasından şəhərə mənzərəli görüntü açılır. Alış-veriş həvəskarlarını sevindirəcək əsas xəbər isə ondan ibarətdir ki, otel əsas şopinq mərkəzi və restoranların yaxınlığında yerləşir.
"Luthan Hotel & Spa", Səudiyyə Ərəbistanı
Paytaxt şəhəri Ər-Riyad öz qayda-qanunları ilə bütün dünyada məşhurdur. Bəlkə də məhz bu səbəbdən tənha qadınlar burada özünü tamamilə rahat hiss edə bilir. "Luthan Hotel & Spa" Yaxın Şərqdə qadınlar üçün nəzərdə tutulmuş ilk oteldir. İdeya şahzadə Madavi Bint Muhammedə aiddir. Otelin adı tərcümədə "rahatlıq axtaran" mənasını verir. Zərif cinsin nümayəndələri burada özlərini rahat, emosional cəhətdən sakit və müdafiə olunmuş hiss edəcəklər. Şəhəri gəzmək istədikdə, "Luthan Hotel & Spa"-nın maşınlarından istifadə etmək olar. Bundan əlavə, tam rahatlanmaq və stress atmaq üçün otelin dünyaca məşhur spası mövcuddur.
"La Pura Women's Health Resort Kamptal", Avstriya
"La Pura Women's Health Resort Kamptal" özündə 3 elementi birləşdirir - hərəkət, gözəllik və düzgün qidalanma. Məşhur Kamptal vadisi müalicəvi xüsusiyyətləri ilə tanınır. Vadi boyu gəzintiyə çıxmaq və parklarda gəzişmək olar. Oteldə incəsənətdən də həzz almaq mümkündür: vernisaj, teatr və müxtəlif mərasimlər insanı bir an da darıxmağa qoymur. İdman pərəstişkarları burada qolf, yoqa, fitnesdən də həzz ala biləcəklər.
"ITC Maurya Sheraton", Hindistan
Ürəyin musiqi istəyirsə, bu otelə yollan. "ITC Maurya Sheraton" Hindistanda qadınlar üçün xüsusi mərtəbənin yaradıldığı ilk oteldir. Elə adı da roluna uyğundur - "Eva". Burada həm xidmətçilər, həm də menecment nümayəndələri qadınlardır. Otel qadınsayağı - zərif gül printi ilə bəzədilib. Mini-barda qadınlar üçün xüsusi içkilər də mövcuddur. Qadınların rahatlığı və təhlükəsizliyini təmin etmək üçün oteldə xüsusi mühafizə sistemi fəaliyyət göstərir. Bundan əlavə, hər otaqda videofon yerləşdirilib. Beləliklə də qadınlar qonaq qəbul etməzdən əvvəl kimin gəldiyinə baxa bilər. Otelə körpəsi ilə gələn qadınlara dayə xidməti də təklif olunur.
"Lady's First Hotel", İsveçrə
Sürixdə bir neçə qadın birləşərək ilk qadın oteli açmaq qərarına gəlir. Bu otel XIX əsrin gözəl tikililərindən birində yerləşir. Böyük Avropa şəhərinə hakim olan qarışıqlıq içində əsl sükut və rahatlıq yaratmaq üçün məşhur qadın dizaynerlər işə cəlb olundu. Burada qadın qonaqların özünü rahat və gözəl hiss etməsi üçün hər şərait mövcuddur. Spa mərkəzlər, yüngül qəlyanaltı, güllü bağ, massaj və gözəllik prosedurları qadınların ürəyincə olacaq. Otel səliqəli ab-havası, gözəl görünüşü ilə diqqət çəkir.
"B&B" oteli, İtaliya
"Bed & Breakfast" adlı kiçik otelin bir filialı da Florensiyadadır. Şəhərin mərkəzində yerləşdiyindən görməli yerlərə, vağzala və aeroporta çox yaxındır. Otelin pəncərəsindən bağa gözəl mənzərə açılır. Çox pul xərcləmək istəməyən, amma rahatlığı sevən qadınların bu oteli bəyənəcəyinə əminik. Qiymətlərin münasib olması da turistlərin sayını artırır. Burada sözün həqiqi mənasında pulu ancaq "yataq" və "səhər yeməyi"nə görə ödəyirsən.
"Grange City Hotel", Böyük Britaniya
68 otağını xüsusilə qadınlara həsr etmiş bu oteldə rahatlıq üçün hər şərait mövcuddur: şkafların əlavə işıqlandırılması, hamam otağında rahat makiyaj güzgüsü, uzun şnurlu, çox güclü saç qurutma maşını və s. Xidmət sahəsində işləyənlərin hamısı qadın olduğundan səhər yeməyinə gecə geyimində də düşmək olar. Tower Hill metrosu oteldən iki dəqiqəlik məsafədə yerləşir. Bütün bunlar qadınların özünü tam rahat hiss etməsinə şərait yaradır.